Arayikin göz yaşları | Ədalət Verdiyevin şərhi

   Arayikin göz yaşları    | Ədalət Verdiyevin şərhi
  19 İyul 2023    Oxunub:5198
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir müddət əvvəl verdiyi bəyanatda Azərbaycanın Qarabağdakı erməni azlığın təhlükəsizliyini təmin edə biləcəyini demişdi. Bunun yolu isə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələrindən keçir. Bu şərti qəbul etmək istəməyən ermənilər ən qısa müddətdə Azərbaycan ərazisini tərk etməlidirlər.
Vətən Müharibəsindən sonra regionda reallıqlar tamamilə dəyişib. Azərbaycanın suveren ərazilərində heç bir ölkə ya beynəlxalq təşkilat separatizmə təhlükəsizlik zəmanəti verə bilməz. Qarabağdakı ermənilərin üz tuta biləcəkləri yeganə doğru ünvan Azərbaycan dövlətidir.

ABŞ səfirinin bəyanatından sonra Qarabağdakı separatçı rejim xarici ölkələrə və beynəlxalq təşkilatlara durmadan məktublar göndərərək, yardım istəməyə başladı. ABŞ səfiri isə çoxsaylı tənqidlərə məruz qaldı. Halbuki, Qarabağın Azərbaycana aid olmasını həm Azərbaycan prezidenti İlham Əliyev, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan ediblər. İndi bu siyahıya ABŞ da qoşuldu.

Ermənistanın keçmiş xarici işlər naziri, suriyalı Vardan Oskanyan ABŞ səfirinin bəyanatına cavabında Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını mümkün hesab etməyərək “diplomatik möcüzə” üçün böyük imkanların olduğunu vurğulayıb. Maraqlıdır ki, Oskanyan Ermənistanın xarici işlər naziri olanda İrəvan indiki qədər zəif və yarıcan vəziyyətdə deyildi. Amma hətta o vaxt belə “diplomatik möcüzə” baş vermədi. İndi isə Ermənistanın tükənmiş vəziyyətində Oskanyan Qarabağ problemini 3 aya həll edəcəyinə söz verir. Belə çıxır ki, o, ya erməni xalqını axmaq hesab edir, ya da 3 ildir ki, qış yuxusuna gedib və hələ ayılmayıb.

Yaxşı olardı ki, Vardan vətəni Suriyanı düşdüyü bataqlıqdan çıxarmaq üçün təkliflər versin. Güney Qafqazda isə reallıqlar və güc balansı dəyişib, Ermənistan müharibədə biabırçı şəkildə məğlub olub və kapitulyasiya aktı imzalayıb. Müttəfiqlərinin əksəriyyəti əlini Ermənistanın arxasından çəkib. İndi nəinki atəşkəsin pozulması, hətta erməni rəhbərlərin yersiz bəyanatları belə cəzasız qalmır.

Qarabağdakı qondarma rejimin rəhbərliyi də Vardan Oskanyan kimi artistlik edir. Əslində Nikol Paşinyan keçən ilin payızında Praqada keçirilən görüşdə Qarabağdan əl çəkib, sonradan isə 86.6 min kv. km-lik Azərbaycan ərazisinin bütövlüyünü tanıyıb. Arutunyan isə illərlə müstəqillik vədləri ilə aldatdıqları minlərlə erməninin qarşısında özünə haqq qazandırmaq üçün hər yerə məktublar yazır. Sanki son reallıqlardan heç bir xəbəri yoxdur...
Türkiyə MN: "Qarabağdakı missiyamız başa çatıb" - FOTOLAR

Yaxın iki ildə Azərbaycan hökumətinin Ağdamdan Xankəndinə qaz kəməri çəkməsi və onun üzərində tənzimləmə qurğuları quraşdırması Arutunyana doğrudan da heç nə demirsə, deməli bu adam yuxudadır. Bu gün kiminsə hansısa bəyanat və ya 5-10 cümləlik məktubla Azərbaycanın Zəngəzurla bağlı planlarına mane olmaq imkanı varmı? Hətta separatizmi və revanşizmi dəstəkləyən güclü havadar ölkələrin belə imkanları yoxdur! Ağlamaqdan başqa əlindən heç nə gəlməyən fərarilərdən isə danışmağa dəyməz.

Xankəndidə kimin kimə nə yazmasından, nə qədər göz yaşı tökməsindən asılı olmayaraq, Qarabağ ermənilərinin təhlükəsizlik təminatçısı yalnız Azərbaycanın Konstitusiyası olacaq. İstəyən bu şərti qəbul edər, istəməyənə isə yol açıqdır!

Xankəndidən gələn siqnallar erməni icmasının nümayəndələrinin Azərbaycanla danışıqlara hazır olduğunu deməyə əsas verir. Bu barədə Bakının mövqeyində dəyişiklik yoxdur. Separatçı rejimlə heç işğal dövründə danışıqlara getməyən Azərbaycan indi ümumiyyətlə Arayiki və komandasını adam yerinə qoymur. Erməni ictimaiyyəti ilə danışıqlar Laçın sərhəd-keçid məntəqəsində kifayət qədər uğurla həyata keçirilir. Qarabağ erməniləri şikayət və təkliflərini rahat bir şəkildə sərhəd məntəqəsində xidmət aparan hərbçilərimizə çatdıra bilirlər. Azərbaycan real təklifləri qəbul etməklə bərabər, real olmayanları da zibil yeşiyinə ata bilir. Bu gün aktiv olan təklif amnistiya ilə bağlıdır. Amma bu təklif də daimi deyil, belə getsə, tezliklə masadan qalxacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti